“Səndən nigaranam” mahnısının sözləri təhrif olunub. Mahnının sözlərini rus dilinə çevirən zaman təhrifə yol veriblər”.
Medialive.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında nəğməkar şair Baba Vəziroğlu deyib.
Qeyd edək ki, sözləri Baba Vəziroğluna, musiqisi fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərova məxsus olan “Səndən nigaranam” mahnısını Dağıstandan olan müğənni Marik Ağayev yeni aranjimanda təqdim edib. Mahnının söz və musiqi müəllifləri qeyd edilsə də, tərcümə zamanı mətnin orijinal mənası tam qorunmayıb.
Baba Vəziroğlu bildirib ki, bundan əvvəl mahnını ermənilər də mənimsəyərək öz dillərində ifa ediblər:
“Marik Ağayev ümumiyyətlə tanımıram. Sağ olsunlar, heç olmasa müəlliflərin adını qeyd ediblər. Tərcümə zamanı belə hallar tez-tez baş verir. Amma bununla məşğul olmalı olan qurum – Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyidir. Bu qurum müəllif hüquqlarının qorunması istiqamətində əsas addımlar atmalıdır”.
Baba Vəziroğlu əlavə edib ki, əsərlərinin xarici ölkələrdə müəllifin razılığı olmadan istifadə edilməsi ilk hal deyil:
“Mahnılarımı müxtəlif ölkələrdə icazəsiz ifa edirlər və çox vaxt bunun qarşısını ala bilmirik. Bəzi dövlətlərlə müəllif hüquqlarının qarşılıqlı qorunmasına dair müqavilələr olmadığından hüquqi mexanizmlər də məhdudlaşır. Buna görə də əksər hallarda məsələni hüquqi müstəvidə həll etmək mümkün olmur”.
Qeyd edək ki, Marik Ağayev Dağstanda doğulmuş dağ yəhudisidir. Əsasən Qafqaz musiqisi, pop və lirik şanson janrlarında ifa etdiyi mahnılar və rəsmi “Duša Kavkaza” (Qafqazın Ruhu) layihəsi ilə tanınır, musiqiçi və rəqəmsal məzmun yaradıcısıdır. Hazırda İsraildə yaşayır.
