Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yardım toplamaq adı altında süni intellekt texnologiyalarından istifadə etməklə həyata keçirilən yeni dələduzluq üsulu üzə çıxıb.
“İkinci əl əşyalar satılır” sosial media qrupunda İlmina Məmmədli adlı profil tərəfindən həyat yoldaşının ağır xəstə olduğu iddia edilərək dərman yardımı tələb olunub.
Paylaşımda qeyd olunub ki, II qrup əlil olan, gözləri görməyən və xroniki böyrək xəstəliyindən əziyyət çəkən şəxsin müalicəsi üçün dərmanları almağa maddi imkan çatmır. İnsanların kövrək hisslərinə toxunaraq yardım istəyən şəxs, eyni zamanda Səhiyyə Nazirliyinin blankında guya həkim Zöhrə Qənbərova tərəfindən İlkin Məmmədliyə yazılmış tibbi reseptin fotosunu da təqdim edib.
Lakin təqdim olunan reseptin tamamilə saxta və süni intellekt vasitəsilə generasiya edildiyini aşkar edilib. Sənədin üzərində saxta olaraq 20.02.2020-ci il tarixinin qeyd edilməsi və şriftlərin süni intellekt məhsulu olması dələduzluq əməlini ifşa edib.
