Baş nazir Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 8 aprel tarixli fərmanının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.
Medialive.az xəbər verir ki, sərəncama əsasən, ölkədə icbari tibbi sığortanın tətbiqi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nizamnaməsi ilə bağlı mövcud normativ hüquqi aktların yeni qərarlara uyğunlaşdırılması prosesinə start verilib.
Sənədlə Ədliyyə Nazirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Maliyyə nazirlikləri və TƏBİB-lə razılaşdırmaqla müvafiq təklifləri hazırlamaq tapşırılıb.
İcra prosesi aşağıdakı qrafik üzrə həyata keçiriləcək:
4 ay müddətində mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində normayaratma tədbirləri görməli və bu barədə Ədliyyə Nazirliyinə məlumat verməlidirlər.
5 ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni Fərmana uyğunlaşdırılması ilə bağlı konkret təkliflər hökumətə təqdim olunmalıdır.
6 ay müddətində Ədliyyə Nazirliyi bütün hüquqi aktların tam uzlaşdırılmasını yekunlaşdırıb Nazirlər Kabinetinə hesabat verməlidir.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub.




















