Gəncə şəhərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Yük Daşımalar Departamentinin Qərb sahəsi ərazisində yerləşən yaşıl ağaclar qanunsuz şəkildə kəsilir.
Medialive.az xəbər verir ki, bu barədə Yeniera.az-ın redaksiyasına şəhər sakinləri tərəfindən şikayət daxil olub.
Sakinlər iddia edirlər ki, may ayında ağacların kəsilməsi və budanması qadağan edilsə də, buna məhəl qoyulmayaraq ağaclar kəsilir. Yaşıl ağacların kəsilməsinə səbəb kimi idarənin dam örtüyünə maneə törətməsi göstərilir.
Şikayətçilər bildirirlər ki, ağaclar dam örtüyünə maneə törətsə belə, bunları budamaqla da kifayətlənmək olur. Lakin ağaclar birdəfəlik kötüyündən tamamilə kəsilir.
Onlar qeyd ediblər ki, Gəncə şəhərində yerləşən 10 saylı ekologiya idarəsinə müraciət etsələr də, şikayətləri cavabsız qalıb.
Belə ki, sakinlər vurğulayıb ki, Yük Daşımalar Departamentinin Qərb sahəsi ağacları qanunsuz olaraq kəsir və “yaşıl soyqırımı” aparır.
Redaksiyamız tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilsə də, suallarımız cavabsız qalıb.
Sözügedən qurumların mövqelərini işıqlandırmağa hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Qeyd edək ki, Azərbaycanda yaşıl ağacların (xüsusilə canlı və sağlam ağacların) icazəsiz kəsilməsi qanunsuz hesab olunur və buna görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur.
Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 4500 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər 2000 manat miqdarında, vəzifəli şəxslər 4000 manat miqdarında, hüquqi şəxslər 25000 manat miqdarında cərimə edilir.























