UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında doğma divarlar arasında “Vestri”yə (İslandiya) böyük hesabla qalib gələn “Qarabağ” yenidən diqqətləri üzərinə çəkib.
Medialive.az xəbər verir ki, yeni transferlərlə avrokubokların qapısını bərk döyən “Qarabağ”ın göstərdiyi oyundan başqa baş məşqçi Qurban Qurbanovun geyim tərzi də diqqətdən yayınmayıb. Təcrübəli mütəxəssis komandasının oyunu qədər geyim tərzinə də xüsusi diqqət yetirib.
Belə ki, Qurbanovun həmin matça geyindiyi zil qara rəngli köynək məşhur İtaliya brendi “Dolce & Gabbana”ya məxsus idi. Köynəyin qiyməti təxminən 645 ABŞ dollarıdır (təxminən 1100 manat – red.).
Xatırladaq ki, “Vestri” (İslandiya) və “Qarabağ” arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində MOİK (Sofiya, Bolqarıstan) – “Derri” (İrlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.
