Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq.
Medialive.az xəbər verir ki, bu barədə “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Sənəddə bildirilib ki, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə və xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməyəcəklər.
Bundan əlavə sənədə əsasən, vəzifəli şəxslərin reklamla məşğul olması, eləcə də şəxsi maraq və ya hər hansı haqq müqabilində sahibkarın, onun istehsal və ya idxal etdiyi malın, gördüyü işin və göstərdiyi xidmətin lehinə münasibət bildirməsi yolverilməz hesab ediləcək.
