Sosial şəbəkələrdə yayılan görüntülər izləyiciləri həm narahat edib, həm də duyğulandırıb.
Medialive.az xəbər verir ki, kadrlarda Gəncə şəhərində təxminən 1 yaş yarımlıq azyaşlının nəzarətsiz şəkildə avtomobil yolunun kənarında hərəkət etdiyi görünür. Görüntülər qısa zamanda geniş yayılaraq müzakirələrə səbəb olub.
Videoda ərazidən keçən sürücülərdən birinin vəziyyəti vaxtında fərq etdiyi əks olunub. Sürücü avtomobilini saxlayaraq azyaşlının yanına gedib və onu təhlükəli ərazidən uzaqlaşdırıb.
Daha sonra uşağı qucağına alan sürücü onun qaçdığı istiqamətdə gedərək valideynlərini tapıb və azyaşlını onlara təhvil verib. Sosial media istifadəçiləri sürücünün diqqətli davranışının mümkün faciənin qarşısını aldığını qeyd ediblər.
Yayılan görüntülər valideyn məsuliyyəti ilə bağlı da müzakirələr yaradıb. Bir çox istifadəçi azyaşlıların nəzarətsiz qalmasının təhlükəli nəticələrə səbəb ola biləcəyini vurğulayıb, sürücünün hərəkətini isə təqdirəlayiq addım kimi qiymətləndirib.




















