Fransanın Jironde bölgəsində və İspaniyanın müxtəlif şəhərlərində tüğyan edən meşə yanğınları 375 min insanın təxliyəsinə səbəb olub.
Medialive.az xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez məlumat verib.
Məlumata görə, Fransada yanğın Bordoya doğru irəlilədikcə böhranla bağlı kabinet iclasının keçirilməsi gözlənilir.
Jironde bölgəsində başlayan və güclü küləklər səbəbindən sürətlə yayılan meşə yanğını indiyə qədər 42 min hektar ərazini külə çevirib. Parisin dörd dəfə böyük bir ərazisini əhatə edən yanğın ölkə üzrə 260 min insanın təxliyəsinə səbəb olub. 240 ev tamamilə dağılıb və çoxsaylı digər tikililərə ziyan dəyib.
Yanğın zonasında 2500 yanğınsöndürən, 1500 əsgər, 1200 polis əməkdaşı və 450 mülki müdafiə könüllüsü yerləşdirilib. 22 iyul tarixindən bəri 84 yanğınsöndürənin xəsarət aldığı, onlardan 10-unun xəstəxanaya yerləşdirildiyi bildirilib.
Rəsmilər yanğının öz atmosfer sistemini yaradan “pirokumulonimbus” adlanan bir növ yanğın buluduna çevrildiyini və bunun Fransada ilk dəfə müşahidə edildiyini bildiriblər. Fransanın Land, Var, Hautes-Alpes və Korsika bölgələrində də meşə yanğınları söndürülür.
İspaniyada Madridin qərbindəki böyük yanğınların əsasən nəzarət altına alındığı bildirilib.
