Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 27-29 iyul 2026-cı il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Şamaxı rayonuna növbəti səfər təşkil olunub.
Medialive.az xəbər verir ki, səfər çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Hacıqədirli, Dağ Bağırlı, Quşçu, Həmyəli və Mərzəndiyə kəndlərində 133 uşağın iştirakı ilə “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında təlimlər keçirilib.
Təlimlərdə Dövlət Komitəsinin əməkdaşı Şəbnəm Cəfərova, Milli Kibertəhlükəsizlik Agentliyinin mütəxəssisi Gülər Rzayeva, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov mövzular üzrə iştirakçılara məlumat veriblər. Həmçinin müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Eləcə də Uşaq Səfirlər Məclisinin fəaliyyəti diqqətə çatdırılıb.
Təlimlərin sonunda uşaqlara müxtəlif bədii kitablar hədiyyə edilib, mövzu ilə əlaqəli yapışqanlı stikerlər paylanılıb.

