Ukrayna Silahlı Qüvvələrinin iyulun 27-nə keçən gecə həyata keçirdiyi dron hücumu nəticəsində Rusiyanın Rostov-na-Donu şəhərində iki nəfər həlak olub, beş nəfər isə yaralanıb.
Medialive.az xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusarın məlumatına görə, şəhərin Jeleznodorojnı, Proletarski və Leninski rayonlarında dağıntılar qeydə alınıb. Hücum nəticəsində özəl müəssisədə, anbarlarda və bir neçə fərdi yaşayış evində yanğın baş verib. Bir neçə avtomobil yanıb, yaşayış binasının və sosial obyektlərdən birinin pəncərələri sınıb.
Yerli Astra nəşrinin yaydığı görüntülərin təhlilinə əsasən, hücumun əsas hədəfi Rostov Ticarət Dəniz Limanı olub. Bildirilir ki, səhər saatlarında limanın dördüncü yük terminalından tüstü qalxıb.
Məlumata görə, pilotsuz uçuş aparatlarından biri Bereqovaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasına da ziyan vurub. Don çayı üzərində yerləşən Rostov limanı Azov–Qara dəniz hövzəsinə daxildir və beynəlxalq yükdaşımalarında mühüm rol oynayır.
Bundan bir gün əvvəl isə Ukrayna dronları Rusiyanın Belqorod şəhərinə də hücum edib. Belqorod vilayətinin operativ qərargahının məlumatına görə, hücum nəticəsində iki uşaq da daxil olmaqla 12 nəfər yaralanıb.
Hücum zamanı bir neçə yaşayış binasına, 15-dən çox avtomobilə və fərdi evə ziyan dəyib. Yerli “Pepel” nəşrinin məlumatına görə, zərbələrdən sonra şəhərin mərkəzində elektrik enerjisi, küçə işıqlandırması və su təchizatı müvəqqəti olaraq kəsilib.
Yerli sakinlərdən biri “Ostrojno Novosti” nəşrinə bildirib ki, son iki həftə ərzində şəhər ardıcıl hücumlara məruz qalır.
“Artıq gecə saat 01:20-dir. Evlərimiz və avtomobillərimiz yanır, insanlar pəncərələrdən qaçırlar. Uşaqlara görə çox narahatam”, – deyə o bildirib.
Bu arada, fövqəladə xidmətlər bölgədə dron hücumu təhlükəsinin hələ də davam etdiyini açıqlayıb.
