Vaşinqton və Tehran Donald Trampın əvvəllər elan etdiyi danışıqlar zamanı Hörmüz boğazından ticarət gəmiçiliyinin bərpasına və ABŞ-nin İran limanlarına qarşı blokadasının qaldırılmasına diqqət yetirəcək.
Medialive.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, danışıqlarda həmçinin İraqda İranla əlaqəli silahlı qruplar tərəfindən həyata keçirilən hücumlar da daxil olmaqla, regiondakı bütün hücumların dayandırılması məsələsi də müzakirə olunacaq. Digər əsas məsələ İranın məhdudiyyətsiz neft ixracının bərpası olacaq. Vasitəçi kimi çıxış edən Yaxın Şərq ölkələri yaxın günlərdə ABŞ və İranla əlaqələrini gücləndirmək niyyətindədirlər. Bu mərhələdə tərəflər iyunun 18-də ABŞ və İran tərəfindən imzalanmış anlaşma memorandumunun əsas müddəalarına qayıda bilərlər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ və İranın avqustun 3-də sülh sazişi üzrə danışıqlara başlayacağını bildirib. Tramp həmçinin Truth-da Tehranla razılığa gəlmək üçün İrana qarşı planlaşdırılan böyük hücumu ləğv etməyə razı olduğunu yazıb.
Trampın sözlərinə görə, İran və bir neçə Yaxın Şərq ölkəsi Vaşinqtondan hücumu həyata keçirməkdən çəkinməsini istəyib, çünki tərəflər artıq gələcək razılaşmanın çərçivəsini müəyyən ediblər.
Tramp bildirib ki, razılaşmaya Hörmüz boğazının dərhal açılması və İranın nüvə təhdidinin aradan qaldırılması daxil olmalıdır.
