Bu gün AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Hacıbala oğlu Şükürlü vəfat edib.
Medialive.az xəbər verir ki,Yusif Şükürlü 2014-cü il 16 oktyabr tarixində AMEA Rəyasət Heyətinin qərarı ilə Şəki Regional Elmi Mərkəzinə direktor təyin olunmuş və bu vəzifədə çalışdığı müddətdə mərkəzin elmi və təşkilati inkişafına mühüm töhfələr verib.
O, 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş, eyni zamanda Şəki Regional Elmi Mərkəzdə əmək fəaliyyətinə laborant kimi başlamışdır. 1976-cı ildən kiçik elmi işçi kimi fəaliyyət göstərmiş, 1977-ci ildə AMEA-nın Radiasiya Problemləri İnstitutuna köçürülərək 1987-ci ilə qədər burada kiçik elmi işçi vəzifəsində çalışmış, 1987–1990-cı illərdə baş elmi işçi olmuşdur.
Yusif Şükürlü “Fibroinin molekulyar və ifratmolekulyar quruluşuna selenin təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1990-cı ildən etibarən Şəki Regional Elmi Mərkəzdə fəaliyyətini davam etdirən Yusif Şükürlü uzun illər “Biofizika” laboratoriyasına (indiki Ekoloji biofizika şöbəsi) rəhbərlik etmiş, 2025-ci ilə qədər bu sahədə səmərəli elmi-tədqiqat işi aparmışdır.
Alim 95 elmi əsərin, o cümlədən beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda dərc olunmuş 27 məqalənin müəllifidir. O, 2 monoqrafiya, 1 dərs vəsaiti və 2 bədii kitabın müəllifi, 1 monoqrafiyanın isə həmmüəllifi olmuşdur. Yusif Şükürlü, həmçinin 9 şəhadətnamə və 5 patentin müəllifi idi.
Onun elmi fəaliyyəti kadr hazırlığı sahəsini də əhatə etmiş, iki dissertantın elmi rəhbəri kimi gənc tədqiqatçıların yetişməsinə töhfə vermişdir.
Yusif Şükürlü, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, elmi fəaliyyətlə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olmuşdur. O, Qara dəniz, Xəzər dənizi və Orta Asiya İpəkçilərinin Assosiasiyasının (BACSA) İdarə Heyətinin üzvü və Azərbaycan üzrə koordinatoru kimi beynəlxalq elmi əməkdaşlıqda da fəal iştirak etmişdir.
Yusif Şükürlü elmi və təşkilati fəaliyyəti, yüksək şəxsi keyfiyyətləri ilə həmkarlarının və elmi ictimaiyyətin dərin hörmətini qazanmışdır.
Yusif Şükürlünün əziz xatirəsi Azərbaycan elmi ictimaiyyətinin yaddaşında daim yaşayacaq, onun elmi və təşkilati fəaliyyəti gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.
Allah rəhmət eləsin.





















