İsrailin müvəqqəti baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu ölkədəki ictimai yerlərdən ərəb ifadələrinin çıxarılmasına çağırış edib.
Medialive.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Netanyahunun oğlu sosial şəbəkə hesabında paylaşım edib.
Bu paylaşımdan sonra Fələstin siyasətçiləri etiraz edərək onu tənqid ediblər.
İsrailin “Birgə Siyahı” partiyasının lideri Yusuf Cabarin Yair Netanyahunun dediklərinə sərt reaksiya göstərib.
Netanyahunun Floridada yaşadığını iddia edən Cabarin bunları yazıb:
“Dillə bağlı irqçi təkliflərinizi Florida qubernatoruna çatdırmağınızı təklif edirəm”.
İsrail Knessetinin fələstinli üzvü Əhməd Tibi də Netanyahunu tənqid edib.
Tibi ərəb dilinin ana dili olduğunu vurğulayıb və Netanyahunun irqçi münasibətinin onun ailəsindən qaynaqlandığını iddia edib.
“Ərəb dili qalacaq və atan və sən tezliklə siyasi həyatımızdan silinəcəksiniz”, – deyə Tibi Netanyahuya cavab verib.
Qeyd edək ki, İsrail Knesseti tərəfindən 19 iyul 2018-ci ildə qəbul edilən yəhudi milli dövlət qanunu ilə ərəb dili rəsmi dil statusundan çıxarılıb və xüsusi status verilib.
Qaydalara əsasən, ivrit dili ölkənin yeganə rəsmi dili kimi müəyyən edilib. Sözügedən qanun dünyanın müxtəlif yerlərindən olan yəhudiləri İsraildə məskunlaşmağa təşviq edən müddəaları ehtiva edir, lakin 1948-ci ildə torpaqlarından qovulmuş fələstinlilərin geri qayıtmaq hüququnu tanımır.
